ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Aİ-nin Ermənistana 2.6 milyard avro yardım ayırması heç bir məntiqə sığmır - Deputat

Baxış Sayı:30

Aİ-nin Ermənistana 2.6 milyard avro yardım ayırması heç bir məntiqə sığmır - Deputat
Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan və öz torpaqlarını erməni işğalından azad etdikdən sonra Avropa İttifaqının (Aİ) Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım etməyə hazırlaşması heç bir məntiqə sığmır və ikili standartların bariz nümunəsidir.

Azerixeber.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, işğala məruz qalan və 30 ilə qədər müddət ərzində şəhərləri və kəndləri erməni vandalları tərəfindən viran qoyulan ölkə Azərbaycan, bu vəhşilikləri törədən isə Ermənistandır: “İndi Avropa İttifaqı hansı əsasla, hansı məntiqlə Ermənistana dövlət büdcəsi qədər (2021-ci ildə Ermənistanın büdcə gəlirləri 2.87 1 milyard ABŞ dolları təşkil edir) vəsait ayırmaq istəyir?! Bu, sadəcə ikili standartların aydın təzahürüdür”.

A.Həsənova vurğulayıb ki, Azərbaycan əraziləri 30 ilə yaxın bir müddət ərzində işğal altında qalanda, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün olanda indi Ermənistan üçün əl ayağa düşən təşkilatlar, dövlətlər ağızlarına su alıb oturmuşdu: “Hərçənd ki, Azərbaycanın bu yardımlara ehtiyacı yox idi. Azərbaycan öz daxili imkanları hesabına qaçqın və məcburi köçkünlərə lazımi dəstəyi göstərdi, onlar üçün müasir qəsəbələr saldı, müavinətlər ayırdı, mənzil-məişət və sosial durumlarını yaxşılaşdırdı, məcburi köçkünlər üçün güzəştlər edildi, onlar işlə təmin olundular. Bütün bunlar daxili imkanlar, Azərbaycan iqtisadiyyatının inkişafı hesabına edildi.

Ancaq bu 30 il müddətində indi canfəşanlıq edən təşkilatlar Azərbaycana hər hansı bir yardım edilməsindən danışmadı, yardım əlini uzatmadı. Amma bu gün Ermənistana külli miqdarda vəsait ayırırlar, nəyə görə? İşğala məruz qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan, şəhərləri dağıdılan Azərbaycandır. Ermənistan hansı əziyyəti çəkib? 30 il ərzində torpaqlarımızı dağıdıb, təbii sərvətlərimizi talayıb mənimsəyib. İşğalçıya, talançıya bu qədər vəsaitin ayrılması nə dərəcədə düzgündür?!”.

A.Həsənova əlavə edib ki, təəssüflər olsun ki, hələ də bəzi dövlətlərin və təşkilatların Azərbaycana qarşı ikili standartları davam edir: “Çünki onlar Azərbaycanın tarixi Zəfərini həzm edə bilmir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan inkişaf edir, azad edilmiş ərazilərimizdə sürətli bərpa və yenidənqurma işləri, böyük layihələr həyata keçirilir və qısa müddət ərzində həmin ərazilərimizə yenidən zəngin həyat qayıdacaq, həmin ərazilərimiz də Azərbaycanın digər bölgələri kimi inkişaf edəcək”.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR