ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Seçki yaxınlaşdıqca Ermənistandakı siyasi qüvvələr arasında ziddiyyətlər daha da dərinləşir - ŞƏRH

Baxış Sayı:31

Seçki yaxınlaşdıqca Ermənistandakı siyasi qüvvələr arasında ziddiyyətlər daha da dərinləşir - ŞƏRH
Azerixeber.az “Trend.az”a istinadən xəbər verir ki, seçki yaxınlaşdıqca Ermənistandakı siyasi qüvvələr arasında ziddiyyətlər daha da dərinləşir, korrupsiya, rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi, insan alveri və bu kimi digər qarşılıqlı ağır ittihamlar bir-birini əvəz edir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, son bir neçə gün ərzində Ermənistan İstintaq Komitəsinin açıqladığı cinayət faktlarının əhəmiyyətli hissəsini seçki cinayətləri, o cümlədən seçicilərin pulla ələ alınması təşkil edir: “İyunun 11-də sabiq prezident Serj Sarqsyanın yaxın adamlarından biri, Armavirin keçmiş meri, “Şərəfim var” seçki blokundan deputatlığa namizəd Ruben Xlqatyan 9 milyon dram (17289 ABŞ dolları) rüşvət verərkən saxlanılıb. Onun bu vəsaiti seçiciləri ələ almaq üçün verdiyi bildirilir. Ermənistan İstintaq Komitəsinin bu gün açıqladığı məlumatda isə daha bir deputatlığa namizədin Qeqarkunik vilayətinin Qavar rayonunda seçicilərin səsini almaq məqsədilə onların hər birinə 7000 dram (23 AZN) rüşvət verərkən saxlanıldığı qeyd olunur.

Ermənistan mətbuatı adı açıqlanmayan deputatlığa namizədin Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” seçki blokunun təmsilçisi olduğunu yazır. “Ermənistan” bloku isə öz növbəsində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasını seçiciləri inzibati resurslarla ələ almağa çalışmaqda və ölkəni cəsusların ümidinə qoymaqda ittiham edib. Köçəryanın təmsilçisi Vaqe Akopyan Abovyan şəhərində seçicilərlə keçirilən görüşdə bəyan edib ki, “ölkədə cəsuslar qaynayır və belə getsə azərbaycanlılar qısa bir zamanda İrəvanda olacaqlar”.

Ermənistan hakimiyyətinə yaxın mənbələr isə Robert Köçəryan və Serj Sarqsyanın Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərin – “Qarabağ erməniləri”nin sürətlə Ermənistana köçürüldüyünü iddia edirlər. Erməni ekspertlərin ehtimallarına görə, Köçəryan 2008-ci ildə törətdiyi seçki cinayətini yenidən təkrarlamaq, seçkidə məğlub olacağı təqdirdə hakimiyyəti silahlı qiyam yolu ilə ələ keçirmək niyyətindədir”.

E.Mirzəbəyli əlavə edib ki, Ermənistanda keçirilən sorğuların nəticələri isə seçkidə iştirak edən hər hansı bir partiyanın, yaxud seçki blokunun səslərin 60%-ni toplaya bilməyəcəyini və təbii ki hökuməti formalaşdırmaq üçün bir neçə siyasi təşkilatın koalisiyasına ehtiyac duyulacağını ehtimal etməyə əsas verir: “Artıq bununla bağlı bəzi partiyalar və seçki blokları da öz mövqelərini ifadə ediblər. “Çiçəklənən Ermənistan” partiyası heç bir halda digər siyasi partiyalarla, ilk növbədə isə “Vətəndaş müqaviləsi” ilə koalisiyaya girməyəcəyini bəyan edib. Eyni yanaşma sabiq prezident, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyanın açıqlamalarından da nəzərə çarpır. Mövcud durum Ermənistanda seçkilərin ikinci turunun keçiriləcəyi ilə bağlı ehtimalların da ortaya çıxmasına zəmin yaradıb. Ermənistan konstutusiyasına və seçki qanunvericiliyinə görə, seçkilərin ikinci turu keçiriləcəyi təqdirdə prosesə yeni siyasi partiya və blokların qatılması da mümkündür. Bu isə faktiki olaraq, parlament seçkilərinin yenidən keçirilməsi deməkdir.

Bu baxımdan, Ermənistandakı mövcud durum seçkilərin nəticələri ilə bağlı, əsasən üç ehtimalın irəli sürülməsinə əsas yaradır. Bunlardan birincisi, hakimiyyətin zorla ələ keçirilməsi, ikincisi isə təkrar seçkilər, üçüncüsü isə bir neçə deputatın ələ alınması yolu ilə zəif, tükdən asılı koalision hakimiyyətin qurulmasıdır Hər üç halda Ermənistanda uzun müddət siyasi sabitliyi təmin etmək mümkün olmayacaq”.
Seçki yaxınlaşdıqca Ermənistandakı siyasi qüvvələr arasında ziddiyyətlər daha da dərinləşir - ŞƏRH

Oxşar xəbərlər
SON XƏBƏRLƏR